
Ukrayna ordusu mayın 22-də, yerli vaxtla saat 12:50 radələrində Rusiya hava hücumundan müdafiə qüvvələrinin mövqelərinə raket zərbələri endirib.
Yeniavaz.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, nəticədə, Rusiyanın S-400 kompleksi sıradan çıxarılıb.
Kompleks Donetsk vilayətindəki Mospino aerodromunun ərazisində yerləşib. Hücum üçün əvvəllər ABŞ-dən Ukraynaya təhvil verilən 5 ədəd ATACMS operativ-taktiki ballistik raketindən istifadə edilib.
İnternetdə Rusiyanın S-400 kompleksinin vurulması ilə bağlı video da yayılıb.
Videoda ATACMS-i vurmağa çalışan Rusiyanın hava hücumundan müdafiə sisteminin sözügedən raketlərə tuş gəlməsi əks olunub.
Qeyd edək ki, məlumatı Rusiya tərəfi də təsdiqləyib, ancaq şəxsi heyət arasında itkilərin olmadığını yazıb. Həmçinin, Ukrayna hərbçiləri və ya xüsusi xidmət orqanları Mospinoya zərbələr endirilməsi ilə bağlı məlumatı şərh etməyiblər.
Raket zərbəsi nəticəsində
- 2 ədəd S-300/400 hava hücumundan müdafiə raket buraxılış qurğusu məhv edilib;
- 1 ədəd S-300/400 hava hücumundan müdafiə raket buraxılış qurğusu zədələnib;
- 1 ədəd “96L6E” radarı məhv edilib;
- 1 ədəd S-300/400 hava hücumundan müdafiə sisteminin idarəetmə mərkəzi məhv edilib.
Qeyd edək ki, Ukrayna hərbçiləri sonuncu dəfə mayın 15-də Krımdakı Belbek aerodromuna hücumda S-400 kompleksini sıradan çıxarıblar. Hücum zamanı “S-400 “Triumf”un raket batareyasının elementləri, xüsusilə də, “92N6” radarı və buraxılış qurğuları məhv edilib. Bundan əlavə, hücum zamanı Rusiyanın ən azı iki “MiQ-31” təyyarəsi vurulub.
Xatırladaq ki, S-400 “Triumf” Rusiya tərəfindən S-300 kompleksi üzərində modernləşdirilib. Kompleks 2007-ci ildə Rusiya Silahlı Qüvvələri tərəfindən qəbul edilib.
Tətbiqimizi yükləyə bilərsiniz