İnsan bədənində ideal temperatur neçə olmalıdır?


Azərbaycan və digər keçmiş sovet ölkələrində belə qəbul olunub ki, sağlam insanın bədənində ideal istilik 36,6 C olmalıdır.
Yeniavaz.com
Rusiya mətbuatında yer alan məlumatlara istinadən xəbər verir ki, bədən temperaturu ilə bağlı heç bir tibbi standart yoxdur. Hətta elmi ictimaiyyətdə hansı dəqiq temperaturun normal sayılacağı ilə bağlı ciddi konsensus da yoxdur. Məsələn, bəzi Qərb ölkələrində normal temperatur 36,6 C deyil, 37 C hesab olunur. 
Qeyd edək ki, insan bədənin temperaturu ilə bağlı ilk araşdırmalardan biri 19-cu əsrin ortalarında alman alimi Karl Vunderliç tərəfindən aparılıb. Karl Vunderliç 25 000 insanın temperaturunu ölçərək  məlumatları ümumiləşdirib və orta qiymət olaraq 37 C müəyyən edib.
1992-ci ildə Merilend Peyvəndi İnkişaf Mərkəzində aparılan araşdırmada insanın orta bədən temperaturunun 36,8 C, 2017-ci ildə ABŞ -nin böyük bir xəstəxanasının ambulator şöbəsində aparılan başqa bir araşdırmada isə insanın orta bədən temperaturunun 36,6 C olduğu müəyyən edilib.
Sağlam insanların bədənlərində fərqli istiliyin olmasının bir neçə səbəbi var. Bu fərqlərdən biri temperaturun ölçülməsi ilə bağlıdır. Ölçmə zamanı temperatur insan bədəninin fərqli yerlərində fərqli göstəricilərlə qeydə alınır. Məsələn, temperaturu həm ağız boşluğundan, həm də qoltuqaltından ölçsək, ağız boşluğunda daha yüksək olacaq.
Bundan əlavə, bədən istiliyinə bir çox amillər təsir edə bilər. Məsələn, qadınlar ümumiyyətlə kişilərdən bir qədər “isti” olurlar. Yaxud, yaşlı insanların bədən temperaturu gənclərdən daha aşağı olur.
Eyni zamanda, insanın qəbul etdiyi qidalar da insanın bədən istiliyinin dəyişməsinə səbəb olur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top