ABŞ Gürcüstan hakimiyyətinə viza məhdudiyyəti tətbiq edəcək


“Amerika Birləşmiş Ştatları Administrasiyası “xarici agentlər” haqqında qanunla əlaqədar Gürcüstan hakimiyyətinə viza məhdudiyyətləri tətbiq etmək üçün yeni siyasətə keçir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə axşamı ABŞ dövlət katibi Antoni Blinken yaydığı yazılı bəyanatda bidirib.
Onun sözlərinə görə, yeni qanun sərbəst toplaşmaq və söz azadlığının həyata keçirilməsinə mane olacaq, Gürcüstan vətəndaşlarına xidmət edən təşkilatları ləkələyəcək və gürcü xalqının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin edən müstəqil mediaya müdaxilə edəcək.
“Gürcüstan hakimiyyətinin bu hərəkətlərinə cavab olaraq, Dövlət Departamenti Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasəti tətbiq edir. Bu siyasət Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, həmçinin onların ailə üzvlərinə şamil ediləcək”, - Blinken bildirib.
Digər tərəfdən, Blinken ABŞ administrasiyasının Gürcüstanda qəbul edilən “xarici agentlər” haqqında qanunla əlaqədar ABŞ-Gürcüstan əməkdaşlığını nəzərdən keçirməyə başladığını da bildirib.
“Bu gün mən həm də ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıram. Vaşinqton öz qərarlarını verərkən Gürcüstanın hərəkətlərini nəzərə alacaq”, - deyə Amerikanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Blinken, həmçinin, Gürcüstan hakimiyyətinin qanunlara yenidən baxacağına və ölkələrinin demokratik istəklərini inkişaf etdirmək üçün addımlar atacağına ümid etdiyini də bildirib.

DİGƏR XƏBƏRLƏR

Top