Fitsonun son vəziyyəti açıqlandı


“Mayın 15-də silahlı hücuma məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır olaraq qalır və onun sağalmasının nə qədər vaxt aparacağını proqnozlaşdırmaq mümkün deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu respublika baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak deyib.
“Fitsonun orqanizmi hələ də həyata keçirilən cərrahi əməliyyatlara və fərdi tibbi prosedurlara reaksiya verir. Ancaq onun sağlamlıq vəziyyəti ilə bağlı intensiv müalicə mərhələsindən reabilitasiya mərhələsinə keçəndə proqnoz vermək mümkün olacaq. Onun vəziyyəti ağır olaraq qalır və sağalmasının nə qədər vaxt aparacağını proqnozlaşdırmaq mümkün deyil”, - deyə baş nazirin müavini bildirib.
“Biz hamımız inanırıq ki, o, mümkün qədər tez iş prosesinə qoşulacaq, lakin bu, yəqin ki, yaxın beş və ya on gün ərzində olmayacaq”, - Kalinyak əlavə edib.
Kalinyak, Slovakiyanın bir aydan sonra Ukraynadakı münaqişənin həlli ilə bağlı İsveçrədə keçiriləcək konfransda iştirak etməsi ilə bağlı sualı cavablandırarkən, bu barədə qərarın iyunun əvvəlində veriləcəyini qeyd edib.
Kalinyak əlavə edib ki, baş nazirə qarşı sui-qəsd cəhdi ilə əlaqədar onun Çin səfəri də təxirə salınıb.
Qeyd edək ki, Fitsoya sui-qəsd mayın 15-də baş verib. Baş nazir bir neçə güllə yarası alıb və bir neçə əməliyyatlar keçirib. Hücum edən şəxs saxlanılıb. Bu, 71 yaşlı yazıçı Yuray Tsintuladır. O, siyasi motivlərlə adam öldürməyə cəhddə ittiham olunur.
Xatırladaq ki, Robert Fitso 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın Baş naziri olub və 2023-cü ilin oktyabrında yenidən hökumətin başçısı seçilib. 

DİGƏR XƏBƏRLƏR

Top