
“Real Madrid”in almaniyalı ulduzu Toni Kroos AVRO-2024-dən sonra karyerasını başa vuracağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat dərc edib.
“17 iyul 2014-cü il – “Real Madrid”ə imza atdığım gün, eyni zamanda həyatımı dəyişdirən gün. Bu, dünyanın ən böyük klubunda yeni dövrün başlanğıcı idi. 10 il sonra – mövsümün sonunda bu dövr başa çatır. O uğurlu dövrü heç vaxt unutmayacağam. Məni sevgi ilə qarşılayan və mənə güvənən hər kəsə təşəkkür edirəm. Sizə, əziz madridlilər, ilk gündən son günə qədər göstərdiyiniz qayğıya və sevgiyə görə xüsusilə təşəkkür etmək istəyirəm.
Eyni zamanda, bu qərar həm də o deməkdir ki, mənim aktiv futbolçu karyeram Avropa çempionatından sonra başa çatacaq.
Həmişə dediyim kimi; “Real Madrid” mənim son klubumdur və belə də qalacaq. Qərarımı vermək üçün doğru zamanı tapdığım üçün və bunu öz başıma seçə bildiyim üçün xoşbəxtəm və fəxr edirəm. Məqsədim həmişə karyeramı performansımın ən yüksək səviyyəsində bitirmək idi”, - Kroos yazıb.
O bildirib ki, bundan sonra yeganə hədəfi Çempionlar Liqasının finalında qalib gəlməkdir.
Qeyd edək ki, 10 ildir “Real Madrid”də çıxış edən Toni Kroos La Liqa nəhəngi ilə ümumilikdə 463 matça çıxıb, 28 qol vurub, 98 məhsuldar ötürmə edib.
34 yaşlı yarımmüdafiəçi “Real Madrid”də ümumilikdə 22 kuboku başı üzərinə qaldırmağı bacarıb ki, onlardan 4-ü Çempionlar Liqası kuboku olub.
Tətbiqimizi yükləyə bilərsiniz