
İranın şimal-qərbində yerləşən Təbriz şəhərində helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi keçirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vida mərasimində minlərlə insan iştirak edir. Vida mərasiminin İranın digər şəhərlərində də keçiriləcəyi qeyd edilir. Təbrizdən sonra həlak olanların cənazələri olan tabutlar ümumi cənazə namazı üçün Tehrana göndəriləcək. Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərində İmam Rza məqbərəsində dəfn olunacaq.
Ölkədəki hökumət binalarında dövlət bayraqları yarıya qədər endirilib.
Qeyd edək ki, İranın mərhum prezidenti ölümündən xeyli əvvəl İmam Rzanın məqbərəsində dəfn olunmasını xahiş edib. Rəisinin vəfatından sonra onu “Xadəm ər-Rza”, yəni İmam Rzanın xidmətçisi adlandırmağa başlayıblar. Həmçinin prezidentin vəfatı İmam Rzanın mövludu gününə təsadüf edib.
Tətbiqimizi yükləyə bilərsiniz