Xan yenidən xarici hədiyyələri satmaqda ittiham edilir


Milli Hesabat Bürosu Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət Hərəkatı” Partiyasının lideri İmran Xanı xarici liderlərin təqdim etdiyi bahalı saatları və digər qiymətli hədiyyələri qanunsuz saxlamaqda və satmaqda ittiham edən yeni təhqiqat aparır.
Yeniavaz.com
“The Express Tribune” qəzetinə istinadla xəbər verir ki, təhqiqat İmran Xan və onun həyat yoldaşı Büşra Bibi tərəfindən xarici hədiyyələrin, o cümlədən yeddi “Graff” və “Rolex” saatının, habelə on ədəd brilyant və qızıl-zinət əşyalarının qanunsuz satışı ilə bağlıdır.
Bildirilir ki, bununla siyasətçi və onun həyat yoldaşı bütün hədiyyələrin qeydiyyata alınmasını və anbarda saxlanmasını nəzərdə tutan qanunu pozublar.
Müstəntiqlərin fikrincə, İmran Xan və Büşra Bibi satış zamanı hədiyyələrin dəyərini aşağı qiymətləndiriblər və onların real qiyməti olan 100,1 milyon rupi (360,6 min dollar) məbləğinin yalnız 20%-ni xəzinəyə veriblər.
Qeyd edək ki, aprelin 1-də İslamabad Ali Məhkəməsi İmran Xan və Büşra Bibiyə qarşı yanvarın 31-də çıxarılan dələduzluq, həmçinin, dövlət anbarlarından ümumi bazar dəyəri 154 milyon rupi (təxminən 2 milyon dollar) olan 52 hədiyyənin qanunsuz satışı ilə bağlı 14 illik həbs cəzası hökmünü dayandırıb.
Ancaq siyasətçi və həyat yoldaşı başqa cəzalarla həbsdə qalmaqda davam edirlər. Yanvar ayında Xan dövlət sirri haqqında qanunları pozmaqda ittiham edilərək, 10 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın əvvəlində məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qeyri-qanuni nikaha daxil olmaqda təqsirli bilib və onları 7 il müddətinə azadlıqdan məhrum edib.

DİGƏR XƏBƏRLƏR

Top