
İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerdən görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, “Fars” agentliyinin Teleqram kanalında dərc olunan kadrlarda, hadisə yerinin dronlardan lentə alınması əks olunub.
Görüntülərdə dağın yamacına dəymiş helikopterin izini, həmçinin ön hissəsinin və quyruğunun qalıqlarını görmək olar.
Agentlik hadisə yerindən foto da yayıb. Fotoda helikopterin quyruğunun qalıqlarının yanında hərbi geyimli bir neçə nəfər müşahidə olunur.
Qeyd olunur ki, daha əvvəl bəzi KİV-lər prezidentin helikopterinin qəza yerindən çəkildiyi iddia edilən və xilasedicilərin yanğını söndürməsini əks etdirən fotoşəkil də yayıblar, lakinməslində bu şəkil 2020-ci ilin aprelində çəkilib və Tehrana doğru uçan təlim təyyarəsinin qəza yerindəndir.
Xatırladaq ki, ötən gün – mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkənin dövlət sərhədində görüşdən sonra İran Prezidenti İbrahim Rəisi və heyətini – xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşimi Təbrizə aparan helikopter qəzaya uğrayıb. İran mediası və rəsmiləri qəzadan sağ çıxanın olmadığını bildirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz