
Ukrayna Prezidenti Volodimir Zelenski məhbusların ölkənin silahlı qüvvələri sıralarına səfərbər edilməsinə imkan verən qanunu imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sənəd Ali Radanın saytında yerləşdirilib.
Sənədin mətninə görə, o, dərc edildiyi günün ertəsi günü qüvvəyə minəcək
Qeyd olunur ki, milli təhlükəsizliyin əsaslarına qarşı cinayət törədənlər, qatillər, pedofillər və spirtli içkilərin və ya narkotik vasitələrin təsiri altında ölümlə nəticələnən cinayət törədənlər istisna olmaqla, bütün məhkumlar səfərbər ediləcək.
Sənəddə həmçinin məhkumların səfərbərliyə cəlb edilməsinə və tibbi müayinədən keçməsinə razılıq verilməsi proseduru da öz əksini tapıb. Öz növbəsində hərbi hissə komandirləri də çağırışçıları qəbul etməyə razılıq verməli olacaqlar.
Qeyd edək ki, Ukrayna ədliyyə naziri Denis Malyuska minlərlə məhbusun Ukrayna ordusu sıralarına qoşulmağa hazır olduğunu və ümumilikdə, ən azı 50 min cinayət keçmişi olan adamın hərbi xidmətə çağırıla biləcəyini blidirib.
Ukraynanın “Strana” nəşri isə ölkənin penitensiar xidmətindəki mənbəyə istinadla ən çoxu 10-15 min məhbusun Ukrayna Silahlı Qüvvələrinə səfərbər ola biləcəyini bildirib. Mənbə onların əksəriyyətinin orduya məcburi şəkildə cəlb edilməli olacağını da isitsna etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz