İrəvanda polis hökumət binasını mühasirəyə alıb – Etirazlar davam edir


“Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları Nazirlər Kabinetinin iclasının keçirildiyi hökumət binasının yaxınlığında toplaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, qalxanlı polislər bir neçə cərgəyə düzülərək, hökumət binasını praktiki olaraq mühasirəyə alıblar. Binanın bütün perimetri müxtəlif növ polis qüvvələri ilə əhatə olunub. Xidməti girişin yerləşdiyi Məlik-Adamyan küçəsi isə polis maşınları tərəfindən bağlanıb.
Digər tərəfdən, polis, hökumət binası yaxınlığında həbslərə başlayıb. Ermənistan Daxili İşlər Nazirliyi bunu vətəndaşların hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmamaları ilə əlaqələndirib.
Polis artıq 3 nəfəri aksiyanın keçirildiyi Ermənistan hökumətinin binası yaxınlığında saxlayıb.
“3 vətəndaş İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi ilə, yəni polisin qanuni tələblərinə tabe olmamaqla həbs edilib”, - nazirliyin mətbuat xidməti bildirib.
Qeyd edək ki, mayın 9-da Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qaldıqdan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aktlarının və impiçment prosesinin başladığını elan edib.
Etiraz hərəkatı aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etdikdən sonra başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top