Edqar İe “Dinamo”ya öz yerinə əkiz qardaşını göndərib? – Təfərrüat


Rumıniyanın “Dinamo Buxarest” klubu “Barselona”nın keçmiş oyunçusu Edqar İenin öz əvəzinə komandaya əkiz qardaşı Edelino İeni göndərməsindən şübhələnir.
Yeniavaz.com
“Marca”ya istinadla xəbər verir ki, klub Edqar İeni bu ilin fevral ayında transfer edib.
O, “Dinamo” Buxarestlə müqavilə imzalasa da, üç aydan sonra komandanın heyətində 5 oyun keçirən oyunçunun onun deyil, qardaşının olması ilə bağlı şübhələr yaranıb.
Jurnalist Daniel Sendrenin yazdığına görə, klub futbolçunun müxtəlif ölkələrdə çıxış etməsinə baxmayaraq, yalnız portuqal dilində danışmasına təəccüblənib. Belə ki, Edqar İe karyerasında İspaniya, Fransa, Türkiyə və Hollandiya komandalarında çıxış edib. Digər jurnalist Emanuel Rosu isə futbolçunun klubda sürücülük vəsiqəsini göstərməkdən imtina etdiyini bildirib.
Rumıniya liqasının rəsmiləri hələlik vəziyyəti şərh etməkdən imtina ediblər.
Rumıniya Futbol Federasiyasındakı mənbə isə bildirib ki, bu vəziyyət üçün planlaşdırılmış ssenari yoxdur, lakin məsələyə DNT testi aydınlıq gətirə bilər.
Əgər bu fakt təsdiqlənsə, klub xallarından məhrum edilə (5 oyundan 8 xal), həmçinin, ona qarşı sanksiyalar tətbiq oluna bilər.
Buxarest klubu hazırda Rumıniya yüksək divizionunda qalmaq üçün mübarizə aparır.
Qeyd edək ki, 30 yaşlı Edqar İe Qvineya-Bisauda anadan olub, O, 2012-2015-ci illərdə “Barselona”nın ikinci komandasında çıxış edib. Daha sonra futbolçu “Lill”, “Nant”, “Trabzonspor”, “Feyenoord” və “İstanbul Başakşehir” kimi klublarda forma geyinib.
Edelino İe isə “Sportinq”, “Braqa” və digər Portuqaliya klublarının ikinci komandalarında çıxış edib. Yanvar ayından isə klubsuz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top