
Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi bildirib.
Məlumata görə, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovu Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı bəndinə uyğun olaraq, xüsusilə, külli miqdarda rüşvət almaqda şübhəli bilib.
İstintaq Komitəsinin məlumatına görə, cinayət işi çərçivəsində Kuznetsovdan 100 milyon rubldan çox pul müsadirə edilib.
Qeyd edək ki, 2010-2023-cü illərdə Kuznetsov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində işləyib.
İdarə Müdafiə Nazirliyinin tərkibində dövlət sirrinin mühafizəsi məsələləri ilə məşğul olub. Müdafiə Nazirliyinin saytında qeyd edildiyi kimi, Kuznetsov 2023-cü ilin mayında Rusiya Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz