Bayden Rusiyadan uran idxalını qadağan edən qanun imzaladı


ABŞ Prezidenti Co Bayden Rusiyadan ABŞ-yə uran idxalını qadağan edən qanunu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bazar ertəsi imzalanmış sənədə əsasən, ABŞ Rusiyada və ya Rusiya şirkətləri tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edəcək.
Bununla bağlı Amerika Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Rusiyadan uranın idxalına qadağa ABŞ-yə dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı aradan qaldırmağa imkan verəcək.
Qeyd edək ki, aprelin 30-da ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini qəbul edib.
Bununla belə, həddindən artıq zərurət yarandıqda, ABŞ reaktorlarının fəaliyyətini dəstəkləmək üçün alternativ uran mənbələri olmadıqda və ya bu cür satınalmalar milli maraqlara uyğun olduqda, qanun idxalın 2028-ci ilin yanvarına qədər davam etməsinə icazə verir.
Sənəd həmçinin Energetika Nazirliyinə Rusiyadan uran tədarükünü əvəz etmək üçün alternativlər axtarmaq və Konqresə təqdim etmək vəzifəsi qoyur.

DİGƏR XƏBƏRLƏR

Top