Təxminən 360 min fələstinli İsrail silahlı qüvvələrinin hərbi əməliyyatlara başlaması ilə əlaqədar bir həftə ərzində Qəzza zolağının cənubundakı Rəfah şəhərini tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
“Bir həftə əvvəl ilk təxliyə çağırışından sonra təxminən 360 min insan Rəfahı tərk edib”, - məlumatda bildirilib.
Məlumata görə, Qəzza zolağının şimal rayonlarının sakinləri də atəşə məruz qalmamaq üçün evlərini tərk etmək məcburiyyətindədirlər.
“Qəzzadakı fələstinlilərin getməyə yeri yoxdur”, - deyə UNRWA “X” sosial şəbəkə səhifəsində qeyd edilb.
Qeyd edək ki, mayın 6-da İsrail ordusu Rəfahın şərq rayonlarının əhalisinin təxliyəsi üçün hazırlıqlara başladığını elan edib.