Tbilisidəki aksiyalarda 20 nəfər saxlanıldı – Rusiya və ABŞ vətəndaşları da var


Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə "Xarici agentlər" haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada 20 nəfəri, o cümlədən, bir Rusiya və iki ABŞ vətəndaşını saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Polis İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polisə tabe olmama) maddələri ilə 20 nəfəri saxlayıb. Saxlanılanlardan 3-ü xarici ölkə, o cümlədən 1-i Rusiya, 2-si ABŞ vətəndaşıdır”, - məlumatında deyilir.
Nazirlik əlavə edib ki, onlar artıq həbslər barədə ölkə səfirliklərini məlumatlandırıblar.
Qeyd edək ki, "Xarici agentlər" haqqında qanun layihəsinin əleyhdarları bazar günü növbəti aksiya keçiriblər. Onlar mayın 13-də səhər saatlarında Hüquq Komitəsinin iclasında deputatların qanun layihəsinə üçüncü oxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveli prospektindəki parlamentə toplaşıb və gecəni orada qalıblar. Bazar ertəsi səhər saatlarında polis etirazçıları parlamentin xidmət girişlərindən uzaqlaşdırıb. Artıq Hüquq Komitəsi qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Xatırladaq ki, aprelin 15-dən Tbilisidə müxalifət və vətəndaş fəalları xarici agentlər haqqında qanunun qəbuluna qarşı mitinqlər keçirirlər. Bir neçə dəfə etirazlar təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilib; xüsusi təyinatlılar Gürcüstan parlamenti yaxınlığında etirazçıları dağıtmaq üçün bibər qazı və su şırnaqlarından istifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top