
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərində qaçqın mərkəzlərinə və yaşayış binalarına zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri Cəbəliyyənin şərq bölgələrində irəliləyir. Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.
Daha əvvəl brifinq zamanı IDF sözçüsü Daniel Haqari bildirib ki, İsrail hərbçiləri HƏMAS üzvlərinin Cəbəliyə şəhərinə qayıtmasının qarşısını almaq üçün əməliyyata başlayıb. Onun sözlərinə görə, HƏMAS-ın Cəbəliyyədə hərbi potensialını bərpa etmək cəhdləri aşkarlanıb.
Qeyd edək ki, ötən il oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklavda əməliyyata başlayıb, həmçinin Livan və Suriyanın müəyyən bölgələrinə zərbələr endirib. Hazırda İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Tətbiqimizi yükləyə bilərsiniz