“Bakı marafonu 2024”ün qalibləri məlum olub


Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” keçirilib.
Yeniavaz.com
Azərtac-a istinadən xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulublar.
Qeyd edək ki, 2016-cı ildən 21 kilometr məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçıların sayının artması yarışa marağın göstəricisidir. Xüsusi qayğıya ehtiyacı olan şəxslər builki marafonda da iştirak ediblər.
Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib.
Küləkli hava şəraitində aparılan maraqlı idman mübarizəsinin sonunda qaliblər müəyyənləşib. Qadınların yarışında ukraynalı Nataliya Semenoviç birinci olub. Xatırladaq ki, Nataliya Semenoviç “Bakı marafonu-2023”ün də qalibi olub.
Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.
Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.
İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top