Kobaxidze ABŞ-yə səfərdən imtina etdi


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-yə səfərdən imtina edib, çünki Amerika tərəfi xarici agentlər haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Gürcüstanın Baş naziri ABŞ-yə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını dayandırsın. Şərti səfərin həyata keçirilməsi etimad və qarşılıqlı hörmətə əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir və bu barədə ABŞ səfirinə ətraflı şəkildə izahat verilib”, - deyə məlumatda bildirilib.
ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan isə daha əvvəl bəyanat yayaraq, Gürcüstanın Baş nazirinin bu yaxınlarda ABŞ-nin yüksək səviyyəli rəsmiləri ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə etmək üçün Vaşinqtona dəvət edildiyini bildirib. Danniqan əlavə edib ki, lakin Gürcüstan tərəfi bu dəvətdən imtina etməyi üstün tutub.
Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ikinci oxunuşda qəbul edib. 83 deputat qanunun lehinə, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib. Qanuna iki həftə sonra üçüncü oxunuşda baxılacaq.
Xatırladaq ki, aprelin 15-dən Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna etiraz aksiyaları keçirilir. Etiraz aksiyaları mütəmadi olaraq təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşmalarla müşayiət olunur.

DİGƏR XƏBƏRLƏR

Top