Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin əvvəllər İsraildə saxlanılan bacısı ev dustaqlığına buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı qərarı İsrailin Beer-Şeva şəhərinin məhkəməsi verib .
Məhkəmənin qərarına görə, Haniyənin bacısı 20 min şekel (5,3 min dollar) girov ödədikdən sonra həbsdən azad edilib. Əlavə olaraq ondan 10 min şekel (2,6 min dollar) məbləğində şəxsi maliyyə təminatı tələb olunub.
Ona evinə qayıtmağa icazə verilib, lakin mobil telefon və ya kompüterdən istifadə etmək qadağan edilib.
“Ynet” qeyd edir ki, məhkəmə 57 yaşlı qadının səhhətinin vəziyyətini nəzərə alaraq onun müalicə almasına icazə verib.
Qeyd edək ki, Sabah Abd əl-Salam Haniyə aprelin 1-də yaşadığı İsrailin cənubundakı Tel-Şeva şəhərində saxlanılıb. O, HƏMAS-la əlaqədə olmaqda şübhəli bilinir və terror fəaliyyətinə köməklik etməkdə ittiham olunur. “Ynet”in məlumatına görə, onun cinayət işi üzrə məhkəmə iclasları mayın sonunda başlamalıdır.