“Grop Agro” MMC (VÖEN - 1406747671) fəaliyyətinə xitam verilərək “Agro Food İnvestments” MMC-yə (VÖEN - 1404315581) qoşulub.
Yeniavaz.com xəbər verir ki, bu qoşulma səbəbindən “Agro Food İnvestments” MMC yenidən təşkil olunacağını elan edib.
Məlumat üçün bildirək ki, “Agro Food İnvestments” MMC-yə daha əvvəl Azərbaycanın kənd təsərrüfatı naziri Məmmədov Məcnun Qadir oğlu rəhbərlik edib.
Məcnun Məmmədov ötən il aprel ayının 14-də nazir təyin olunub. Nazir təyin olunduqdan 12 gün sonra – 26 aprel tarixində isə “Agro Food İnvestments” MMC-nin direktoru vəzifəsindən ayrılıb.
“Agro Food İnvestments” MMC-nin yeni direktoru Novruzov Vahid Vaqif oğludur.
Onu da bildirək ki, aprel ayının 20-də “Agro Food İnvestments” MMC nizamnamə kapitalını azaldaraq 270 milyon 68 min 813 manatdan 202 milyon 188 min 813 manata salıb. Daha sonra isə artırılaraq 224 milyon 307 min 487 manat 10 qəpiyə qaldırılıb.
Qeyd edək ki, “Agro Food İnvestments” MMC-nin hüquqi ünvanı ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq” ilə eyni ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşir.
“Agro Food İnvestments” MMC kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdalı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyvə çeşidləmə, logistika və digər kənd təsərrüfatı, həmçinin qida istehsalı sahələri üzrə işlər görür.
“Agro Food İnvestments” MMC-yə bağlı olan şirkətlər aşağıdakılardır:
“Agrarco” MMC
“Aqrovest” MMC
“Astaraçay” MMC
“Azbadam” MMC
“Azrose” MMC
“Gala Olive”s MMC
“Grand Agro Invitro” MMC
“Grand Logistik Center” MMC
“Grand Agro” MMC
“Lecheq Farm And Distillery” MMC
“Şəmkir Agropark” MMC
“Zəfər Bağlari” MMC
“Yalama Aqropark” MMC
“Azərşəkər” MMC
“Agro Food İnvestments” MMC-nin tabeliyində fəaliyyət göstərən bu şirkətlərdən birinin – nizamnamə kapitalı 52 milyon 560 min manat olan “Grand-Agro” MMC-nin direktoru da Məcnun Məmmədov olub. Məcnun Məmmədov nazir təyin olunduqdan 14 gün sonra – 28 aprel tarixində bu şirkətin direktorluğundan da gedib. Onun yerinə Tofiq Həmidov təyin olunub.
Onu da qeyd edək ki, fəaliyyətini dayandıraraq “Agro Food İnvestments” MMC-yə qoşulan “Grop Agro” MMC-nin də hüquqi ünvanı Neftçilər pr., ev 153-də yerləşir. Nizamnamə kapitalı 56 milyon 840 min 15 manat olan bu şirkətin qanuni təmsilçisi isə Əhmədov Fərid Rafiq oğludur. “Grop Agro” MMC bu ilin fevral ayının 24-də dövlət qeydiyyatına alınıb.
Əhmədov Fərid Rafiq oğlunun rəhbərlik etdiyi daha bir şirkət – “Aliot” MMC (VÖEN - 1402401951) isə bu ayın əvvəlində ləğv olunaraq Neftçilər pr., ev 153 ünvanında qeydiyyatda olan “PMD Group” MMC -yə (VÖEN – 1701459191) qoşulub.
Elnur Əli