ABŞ Senatında Ukrayna üçün əlavə büdcə ayırmaları ilə bağlı qanun layihəsinə baxılarkən Birləşmiş Ştatlar administrasiyası Kiyevə 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, hakimiyyət bu həftə Senatda qəbul ediləcəyi və ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanacağı gözlənilən qanun layihəsinin vəsaitindən istifadə edəcək.
Bildirilir ki, yardım paketinə nəqliyyat vasitələri, “Stinger” daşına bilən hava hücumundan müdafiə sistemləri üçün sursat, HIMARS reaktiv yaylım atəş sistemi, 155 mm-lik artilleriya sursatları, TOW və “Javelin” tank əleyhinə raketlər və dərhal döyüş meydanında istifadə edilə bilən digər silahlar daxildir.