
Meksikada cümə günü iki merliyə namizəd ölü tapılıb və bununla da iyunun 2-də keçiriləcək seçkilərdən əvvəl öldürülən namizədlərin sayı 17-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Bildirilir ki, namizədlərdən biri cümə günü Tamaulipas ştatında öldürülüb. Noy Ramos Feretisin namizədliyi müxalifətdəki Milli Fəaliyyət Partiyası və İnstitusional İnqilab Partiyasının koalisiyası tərəfindən irəli sürülüb. O, Ciudad Mante merliyinə namizədliyini irəli sürüb.
Tamaulipas əyalətinin prokurorluğu Ramos Feretisin cümə günü hücuma məruz qaldığını bildirib. Lakin təhqiqat aparıldığı əsas gətirilərək əlavə məlumat verilməyib.
Yerli media onun bıçaqlandığını yazıb. Qeyd olunur ki, uzun müddətdir Tamaulipasda narkotik kartelləri arasında toqquşmalar gedir.
Daha bir merliyə namizəd – Alberto Qarsia axtarışa verildikdən bir gün sonra ölü tapılıb. Onun Oaxaka ştatının San Xose İndependensiya şəhərinin meri vəzifəsinə namizədliyi irəli sürülüb.
Ştatının prokurorluğu Qarsiyanın şəhər yaxınlığındakı su anbarında ölü tapıldığını bildirib. Bildirilir ki, o döyülərək öldürülüb. Qeyd olunur ki, sözügedən ərazidə əvvəllər narkotik alverçilərinin dəstələri fəaliyyət göstərib.
Tətbiqimizi yükləyə bilərsiniz