“Ukrayna 2024-cü ilin sonuna kimi məğlub ola bilər” – MKİ direktoru


“Ukrayna 2024-cü ilin sonuna kimi məğlub ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu proqnozla cümə axşamı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns çıxış edib.
“Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında məğlub ola biləcəyi və ya ən azı Rusiya Prezidenti Vladimir Putinin siyasi nizamlanmanın şərtlərini mahiyyətcə diktə edəcək vəziyyətdə olması ilə bağlı çox real risk var”, - deyə Börns Texas ştatının Dallas şəhərində Corc Buş Mərkəzinin keçirdiyi forumda ABŞ Konqresində Kiyevə əlavə yardımın ayrılması ilə bağlı müzakirələri şərh edərkən deyib. 
MKİ direktorunun Lenqlidəki bu çıxışı idarənin saytında yerləşdirilib.
Börns deyib ki, Ukrayna indi döyüş meydanında çətin vəziyyətlə üz-üzədir, çünki sursatları tükənir və ABŞ-nin ona kömək etmək üçün vaxtı tükənir. 
MKİ direktoru bildirib ki, Ukraynaya bir ay əvvəl baş tutan sonuncu səfəri zamanı o, Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən biri ilə ünsiyyət qurmaq imkanı əldə edib. Ukrayna hərbçiləri sursat çatışmazlığı ilə bağlı bir yaşayış məntəqəsindən geri çəkilməli olduqlarını qeyd ediblər. 
“Və mən narahatam ki, ABŞ-nin köməyi olmadan Ukrayna Silahlı Qüvvələri daha çox yaşayış məntəqələrini tərk etməli olacaq”, - deyə Börns bildirib.
Börns həmçinin qeyd edib ki, Vaşinqton Kiyevi dəstəkləməyə davam edərsə və Kiyevə yardım üçün əlavə maliyyə ayırarsa, Ukrayna Silahlı Qüvvələri 2024-cü ildə döyüş meydanında öz mövqelərini saxlaya, həmçinin, Krımın dərinliklərinə zərbə endirə biləcək.
Qeyd edək ki, çərşənbə günü ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson 2024-cü maliyyə ilində ABŞ-nin əlavə büdcə xərclərinə dair qanun layihəsinin mətnini təqdim edib. Konqresin aşağı palatasının spikerinin ofisi bu sənədi onun Ukrayna, İsrail və ABŞ-nin Hind-Sakit Okean regionunda müttəfiqlərinə hərbi yardım göstərilməsi ilə bağlı hazırladığı qanun layihələri ilə birlikdə dərc edib. Onlarla bağlı səsvermənin aprelin 20-də keçirilməsi gözlənilir. 
ABŞ Prezidenti Co Bayden təklif olunan qanun layihələrinin ABŞ qanunverici orqanı tərəfindən təsdiqlənəcəyi təqdirdə onları imzalayacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top