ÇL: Birinci oyunda məğlub olan hər iki klub yarımfinala çıxdı – Video


Fransa çempionu PSJ və Dortmund “Borussiya”sı Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, 1/4 finalın cavab oyununda PSJ İspaniya çempionu “Barselona”nı qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.
12-ci dəqiqədə 16 yaşlı ispan hücumçu Lamin Yamalın ötürməsini braziliyalı yarımmüdafiəçi Rafinya qol ilə tamamlayıb. 29-cu dəqiqədə uruqvaylı müdafiəçi Ronald Arauxo öz cərimə meydançası yaxınlığında rəqibini yıxdığı üçün birbaşa qırmızı vərəqə alıb. 40-cı dəqiqədə PSJ-nin fransalı hücumçusu, kataloniyalıların sabiq futbolçusu Usman Dembele cavab qolunu vurub.
İkinci hissədə də çoxluqda olan Paris təmsilçisi təzyiqini artırıb və daha 3 qol vurub. Mbappe dubla imza atıb, digər qolu isə portuqaliyalı yarımmüdafiəçi Vitinya rəqibin qapısından keçirib.
Qeyd edək ki, Parisdə keçirilən ilk oyunda “Barselona” 3:2 hesabı ilə qalib gəlmişdi.

Dortmund “Borussiya”sı isə Madrid “Atletiko”sunu 4:2 hesabı ilə məğlub edib.
Almaniya təmsilçisinin qollarını yarımmüdafiəçi Julian Brandt, hollandiyalı müdafiəçi Yan Matsen, alman hücumçu Niklas Fulkruq və avstriyalı yarımmüdafiəçi Marsel Zabitzer vurub.
“Borussiya”nın alman müdafiəçisi Mats Hummels avtoqolla yadda qalıb. “Atletiko”nun digər qolunu isə argentinalı hücumçu Anxel Korrea rəqibin qapısından keçirib.
İlk görüşdə “Borussiya” Madriddə 1:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, PSJ yarımfinalda “Borussiya” ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top