“Tesla” işçilərinin 10 faizindən çoxunu ixtisar edəcək


Məşhur milyarder İlon Maskın “Tesla” şirkəti 140 min nəfərlik qlobal işçi ordusunun 10 faizindən çoxunu işdən çıxaracağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, 2020-ci ilin sonundan işçilərinin sayını iki dəfə artıran şirkət ixtisarları elektromobil sənayesində daha çox rəqabətin və daha az tələbatın təsiri ilə əlaqələndirib. Buna görə də, həftə sonu işçilərə göndərdiyi e-poçt məktubunda “Tesla” planlaşdırılan ixtisarların xərcləri azaltmaq və məhsuldarlığı artırmaq ehtiyacı ilə bağlı olduğunu bildirib.
“Biz vəziyyəti hərtərəfli şəkildə araşdırdıq və dünya üzrə işçilərimizin sayını 10 faizdən çox azaltmaq barədə çətin bir qərar aldıq”, - deyə “Tesla” işçilərə göndərdiyi e-poçt məktubunda qeyd edib.
Digər tərəfdən, qeyri-rəsmi olaraq, bu addımlar rüblük satışların azalması ilə əlaqələndirilib. Belə ki, bu ilin yanvar-mart aylarında “Tesla” müştərilərə 386 min 810 avtomobil təqdim edib. Bu isə 2023-cü ilin birinci rübü ilə müqayisədə 100 min ədəd aşağı olub.
“General Motors” və “Ford” da daxil olmaqla digər avtomobil istehsalçıları da bu avtomobillərə tələbatın gözləniləndən az olması ilə əlaqədar elektrikli avtomobil istehsalını azaldıb. Ümumilikdə, elektrikli avtomobil satışları artmaqda davam etsə də, bu artım gözlənildiyi qədər sürətli olmayıb. Belə ki, keçən il ABŞ-də elektrikli avtomobil satışları 40 faiz artaraq, ilk dəfə 1 milyonu keçib.

DİGƏR XƏBƏRLƏR

Top