Gürcüstan parlamenti “Xarici agentlər” haqqında qanun layihəsinə baxıb – Deputatlar dava etdi


Gürcüstanda aprelin 15-də parlament Rusiyanın “Xarici agentlər” haqqında qanununun analoqu olan “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinə baxmağa başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sənədə hüquq məsələləri komitəsinin iclasında baxılıb.
Müzakirə davaya görə yarımçıq qalıb. Hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradzenin çıxışı zamanı ona müxalifətdəki “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili hücum edib. Daha sonra davaya digər deputatlar da qarışıb.
Tbilisidə qanun layihəsinə baxılmağa başlaması fonunda kütləvi etiraz aksiyaları yenidən başlayıb.
Qanun layihəsini hakim “Gürcü arzusu” partiyası təqdim edib. Sənəd müəlliflərinin fikrincə, bu, sırf xaricdən maliyyə alan QHT və KİV-lərin işində şəffaflığın artırılmasına yönəlib. Müxalifət hesab edir ki, hakimiyyət bundan əvvəl Rusiyada olduğu kimi müstəqil mediaya təzyiq etmək üçün istifadə edir. Sənədin əleyhdarları onu “Rusiya qanunu” adlandırırlar.
Qanun layihəsi ilk dəfə 2023-cü ilin əvvəlində parlamentə daxil edilib və birinci oxunuşda qəbul edilib. Lakin kütləvi etirazlar fonunda o, geri çağırılıb.

DİGƏR XƏBƏRLƏR

Top