Dünyada 10 aydır ardıcıl yüksək temperatur qeydə alınır


Mart ayı tarixdə ən yüksək temperatutun qeydə alındığı ardıcıl 10-cu ay olub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand Kopernik İqlim Dəyişikliyi Xidmətinin Avropa iqlim tədqiqat proqramındakı göstəricilərə istinadla məlumat yayıb.
Vilfand 2023-cü ilin iyul ayından etibarən qlobal temperaturun sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yüksək olduğunu bildirib. O, bu həddin Paris iqlim sazişində göstərildiyini, ancaq buna baxmayaraq, bu həddin ciddi həyəcan siqnalı olduğunu bildirib.
“Bir çox elm adamları əsrin sonuna qədər 1,5 dərəcə həddi haqqında danışırdılarsa, artıq indi 2 dərəcə həddi haqqında danışmaq lazımdır”, - Vilfand vurğulayıb.
Qeyd edək ki, Kopernik saytında dərc edilən məlumatlara görə, 2024-cü ilin mart ayı sənayedən əvvəlki orta temperaturdan 1,68 dərəcə isti olub.
Xatırladaq ki, Paris İqlim Sazişi 2015-ci il dekabrın 12-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 21-ci Konfransından sonra qəbul edilib. 197 forum iştirakçısı 2100-cü ilə qədər planetdə orta temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə 2 dərəcədən çox artmasının qarşısını almaq barədə razılaşıb. Alimlər hesab edirlər ki, temperaturun daha əhəmiyyətli artması ətraf mühit üçün geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Müqavilə Kioto Protokolunu əvəz edir və tərəflərin öhdəlikləri 2021-2030-cu illər üçün hesablanır.

DİGƏR XƏBƏRLƏR

Top