“Bayden Netanyahunu İrana dərhal cavab vermək fikrindən daşındırdı” – NYT


“İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında söhbət nəticəsində İsrail İranın hücumuna cavab olaraq dərhal zərbə endirməyib”.
Yeniavaz.com
xəbər verir ki, bunu “The New York Times”a iki İsrail rəsmisi anonim şəkildə bildiriblər.
Qəzet qeyd edir ki, dərhal cavab hücumu İsrail hökumətinin bir neçə üzvü tərəfindən dəstəklənib, lakin Netanyahunun Baydenlə telefon danışığı və İranın vurduğu ciddi ziyanın olmaması onun ləğvinə səbəb olub. Nəşrin həmsöhbətləri İsrail və ABŞ liderləri arasında söhbətin digər təfərrüatlarını açıqlamayıblar.
Daha əvvəl “Axios” mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti İranın zərbəsindən sonra İsrailin baş naziri ilə telefon danışığında Vaşinqtonun İsrailin İrana qarşı əks hücumunu dəstəkləməyəcəyini bildirib.
Bayden və Netanyahunun aprelin 14-nə keçən gecə danışığından sonra Ağ Evdən verilən açıqlamada ABŞ lideri deyib: “Mən indicə Baş nazir Netanyahu ilə ABŞ-nin İsrailin təhlükəsizliyinə bağlılığını bir daha təsdiqləmək üçün danışdım. Mən ona dedim ki, İsrail özünü müdafiə etmək və hətta görünməmiş hücumları dəf etmək üçün heyrətamiz qabiliyyət nümayiş etdirib və düşmənlərinə İsrailin təhlükəsizliyini effektiv şəkildə təhdid edə bilməyəcəkləri barədə açıq siqnal göndərib”.
Öz növbəsində İsrail hərbi kabinetinin üzvü Benni Qantz deyib ki, İsrail İranın hücumuna vaxtı gələndə cavab verəcək.
Qeyd edək ki, aprelin 14-də günortadan sonra İsrailin hərbi kabineti İranın hücumuna ölkənin cavabını müzakirə etmək üçün iclas keçirib. İsrailin “Ynet” nəşri İsrail hakimiyyətinin İranın nüvə obyektlərinə hücum ehtimalını nəzərdən keçirdiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top