
Rusiyanın tanınmış iş adamlarından olan Azərbaycan əsilli Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri “Kievskaya ploşad” şirkəti Moskvadakı Mərkəzi Uşaq Mağazasını (CDM) satın alıb.
Yeniavaz.com məşhur “Forbes” nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatın məbləği və onun şərtləri açıqlanmayıb. Bildirilir ki, Mərkəzi Uşaq Mağazası əvvəllər “TsDM Hals-Development” şirkətinə məxsus olub.
Qeyd edək ki, ötən il “Kievskaya ploşad” şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 760 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 160 milyon dollar artıb.
Bu gəlirlər onlara məxsus olan “Evropeyskiy” ticarət mərkəzi (180 min kvadrat metr) və “Fud siti” kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda “Kievskaya ploşad” şirkətinin sərəncamında ümumi sahəsi 2 milyon 254 min kvadrat metr olan ticarət mərkəzləri, 148 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 550 otaqdan ibarət otellər var.
Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci ildə Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
Onu da bildirək ki, Mərkəzi Uşaq Mağazası 1957-ci ildə Moskvanın mərkəzində tikilmiş keçmiş Uşaq Dünyası binasında yerləşir. 2008-ci ildə bina qəzalı vəziyyətə düşdüyü üçün bağlanıb. İlkin olaraq üç ilə başa çatdırılması planlaşdırılan yenidənqurma işləri aparılıb. 2011-ci ildə Lubyankadakı bina sahibini dəyişib. Hazırda Mərkəzi Musiqi Mağazasında 140-dan çox mağaza və xidmət, 20-dən çox kafe və restoran, həmçinin qastro-qalereya var.