Necə yeməliyik?


Hər gün yemək yeyirik. Bəs yeməyi necə yeməliyik, yemək yeyərkən hansı qaydalara riayət etməliyik və ya nə qədər yeməliyik? Bugünkü yazımız bu və başqa suallar barədədir. Əvvəlcə çox yeməkdən başlayaq.
Həzm sistemində gərginliyə səbəb olduğu, həmçinin həzmi çətinləşdirdiyi üçün mümkün qədər az yemək məsləhətdir. Bundan başqa, tam həzm edilməmiş qidalar bədəndə çürümüş kütlələrin əmələ gəlməsinə səbəb olur və qan dövranını zəhərləyir. Nəticədə, bütün sistem zəifləyir.
- Əsəbləriniz gərgindirsə, yemək yeməyin: Əslində, nə yemək qədər necə yemək də vacibdir. Təbii ki, tələsik, yorğun, narahat yediyiniz yeməklər həzm edilməyəcək və bu yeməklərin elə bir kalorisi də olmayacaq. Əhvali-ruhiyyəniz nə vəziyyətdədirsə, deməli bütün bədəniniz də bu vəziyyətdədir. Maraqlıdır ki, mütəxəssislər əsəbi vəziyyətdə olan adamların mədə və qarın nayihələrini müşahidə ediblər. Nəticədə, onların mədələrinin normal mədədən tamamilə fərqli olduğunu görüblər. Sözsüz ki, belə vəziyyətdə mədə normal həzm edə bilməz. Hətta yediyimiz yeməklər bədənimizdə ziyanlı turşuların və toksinlərin əmələ gəlməsinə səbəb olar.
- Çox çeşidli yeməklər yeməyin: Eyni vaxtda çox çeşidli yeməklər yedikdə həzm sistemi gücə düşür. Nəticədə, sistem zəifləyir. Buna görə də, eyni vaxtda dörd çeşiddən artıq yemək yeməyin və yeməklərinizin mümkün qədər sadə olmasına çalışın. Unutmayın ki, həddindən artıq ədviyyatlı yeməklər də olmaz.
- Tikənizi tam çeynəyin: Məlumdur ki, düyü, çörək və makaron kimi yeməklərin həzmi ağızda başlayır. Buna görə də, tüpürcəklə yaxşı qarışsın deyə belə yeməkləri çox çeynəmək lazımdır. Tüpürcək əslində, yüksək dozalı “alkalin” deməkdir. Bu baxımdan yaxşı çeynəmək turşuluq dərəcəsi yüksək olan qidaların mənfi təsirlərini neytrallaşdırmaq üçün də vacibdir.
- Yeməkdən sonra dincəlin: Yeməkdən sonra yorucu fiziki və ya zehni iş də təhlükəlidir. Çünki yemək zamanı bədənin bütün enerjisi həzmə sərf olunur. Belə vəziyyətdə iş gördükdə enerji parçalanır və həzm cətinləşir.
- Dörd dəfədən artıq yemək yeməyin: Yediyiniz yeməyin həzm olunaraq mədədən çıxması və mədə şirəsinin yenidən bərpa olunması üçün təqribən dörd saat vaxt lazımdır. Rejimsiz yemək yedikdə isə bu şərtlər təbii olaraq özünü doğrultmur. Buna görə də, gündə dörd dəfədən artıq yemək məsləhət deyil.
- Yatmazdan əvvəl yeməyin: Yatana yaxın yemək yedikdə meydana gələn qazlar beyinə mənfi təsir göstərir. Bu bəzən insanın pis yuxular görməsinə də səbəb olur. Unutmayın ki, yatmazdan əvvəl kiçik bir gəzinti də həzmə kömək edə bilər. Əgər gecələr yatmaqda çətinlik çəkirsinizsə, bir stəkan ilıq süd için.
- Çox isti və ya çox soyuq yeməyin: Çox isti yeməklər bədənin həddindən artıq qızmasına səbəb olur. Bundan başqa, həzm fermentləri məhdud temperaturda fəaliyyət göstərdikləri üçün həzm çətinləşir. Odur ki, yemək yeməzdən əvvəl bir az soyutmaq məsləhətdir. Çox soyuq yeməklərə gəldikdə isə belə yeməklər bağırsaq kanalının daralmasına səbəb olur. Bu halda da həzm çətinləşir.
- Təmiz hava alın, idmanla məşğul olun: Həzm sisteminin güclənməsi və həzmin asanlaşması üçün idman çox vacibdir. Çünki həzm üçün bol oksigen lazımdır. Qəbizliyin qarşısını almaq üçün də hər gün idmanla məşğul olmaq və açıq havada gəzmək məsləhətdir.
- Çoxlu su için: Su bədəni zəhərli maddələrdən və tullantılardan təmizləyir. Ona görə də, sağlam adam gündə 3-4 litr su və ya başqa maye içməlidir. Xəstələr isə (xüsusilə dəri xəstəliyi olanlar) gündə ən azı 4 və ya 5 litr su içməlidirlər. Əgər çox su içməyə adət etməmisinizsə, 1 litrdən başlayın və get-gedə bu miqdarı artırın. Hər dəfə yarım və ya bir stəkan su için və bunu gün ərzində bir neçə dəfə təkrar edin. Yemək zamanı çox su içməyin. Əks halda, mədə şirəsi azalar və həzm çətinləşər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top