
Britaniyalı nəzəri fizik, fizika üzrə Nobel mükafatı laureatı Piter Hiqqs 94 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə fizikin işlədiyi Edinburq Universitetinin mətbuat xidməti məlumat yayıb.
Universitetdən verilən məlumata görə, professor Hiqqs qısa sürən xəstəlikdən sonra aprelin 8-də evində vəfat edib.
Qeyd edək ki, Piter Hiqqs dünya şöhrətli nəzəri fizik olub. 1964-cü ildə o, digər elementar hissəciklərdə kütlələrin olub-olmamasına cavabdeh olan elementar zərrəciyin mövcudluğu haqqında nəzəriyyə irəli sürüb. Eyni zamanda bu nəzəriyyəni belçikalı fizik Fransua Englert irəli sürüb.
2012-ci ildə Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) alimləri bu hissəciyi aşkar etməyə müvəffəq olublar. İngilis fizikinin şərəfinə Hiqqs bozonu adlandırılıb. Bir il sonra Hiqqs və Engler Hiqqs bozonunun mövcudluğunu proqnozlaşdırdıqları üçün fizika üzrə Nobel mükafatı alıblar.
Tətbiqimizi yükləyə bilərsiniz