
Gürcüstanın Samtsxe-Cavaxeti regionunun Adigeni munisipalitetində məsciddə müsəlmanlara cümə namazı qılmağa icazə verilməməsi növbəti gərginliyə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze öz “Facebook” səhifəsində məlumat dərc edib.
O, müsəlmanlara cümə namazı qılınmasına icazə verilmədiyini, vəziyyətin olduqca gərgin olduğunu qeyd edib. Deputat əlavə edib ki, polis yolları bağlayıb və müsəlmanları məscidə buraxmır. Nakaidze yerli sakinlərə istinadla əraziyə çox sayda polisin səfərbər edildiyini bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyi müsəlmanların ibadət etməsinə etiraz edən yerli icmaya müraciət edib.
Qeyd edək ki, Adigenidə eyni səbəblə gərginlik martın 8-də də baş verib.
Kənddə başqa ibadət evi olmadığından İmam Merab (Yusif) Mikeladze evini məscid və müsəlman təhsil mərkəzinə çevirib. Lakin yerli provoslav xristianlar və ruhanilər buna qarşı çıxıb. Nəticədə martın 8-də 200-ə yaxın yerli sakin üç nəfərin cümə namazı qıldığı evi mühasirəyə alıb.
Martın 14-də Bütün Gürcüstan Müsəlmanları İdarəsi Adigeninin müsəlman əhalisini cümə namazı üçün toplanmaqdan çəkinməyə çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz