Qəzzada hər saatda təxminən 4 uşaq ölür


İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 33,1 minə yaxınlaşır.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ötən ilin oktyabrında İsrailin bu anklavda təcavüzü başlayandan bəri 33 min 91 fələstinli həlak olub”, - deyə nazirlik bildirib.
Qeyd olunub ki, həmin dövrdə anklavda 75 min 750 fələstinli yaralanıb.
Qəzza Səhiyyə Nazirliyi həmçinin bildirib ki, təkcə son 24 saat ərzində Qəzzada 54 fələstinli öldüb, 80-dən çox fələstinli isə yaralanıb.
Digər tərəfdən, Fələstin Mərkəzi Statistika Bürosu keçən il oktyabrın 7-də Fələstin-İsrail eskalasiyasının yeni raundu başlayandan bəri Qəzza zolağında ən azı 14 min 350 azyaşlının öldüyünü bildirib ki, bu da ölənlərin ümumi sayının təxminən 44 faizini təşkil edir.
Statistikaya görə, İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində hər saatda təxminən 4 uşaq ölür. İtkin düşənlərin də ümumi sayının ən azı 70%-ni qadınlar və uşaqlar təşkil edir ki, onların da sayı 7 minə çatır.
İsrail ordusunun mütəmadi olaraq qarşıdurmalarla müşayiət olunan əməliyyatlar keçirdiyi İordan çayının qərb sahilində isə bu günə qədər 117 uşaq ölüb, 724 uşaq yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top