“Biz “Qarabağ”ın hərəkətlərini təzyiq kimi qiymətləndiririk” – Lunyovun meneceri


“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Azərbaycan mətbuatında yer alan “Qarabağ”da maaşının illik 200 min avro olması və yeni müqavilə üçün 600 min avro tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, “RB Sport” nəşrinə müsahibəsində “Qarabağ”ın danışıqların məxfi detallarını açıqladığını da qeyd edib.
“Mətbuata rəqəm verməyi etik hesab etmirəm. Danışıqlar sükutu sevir. Klubdan birinin niyə bu məlumatı yaydığını başa düşmək istərdim, çünki bu cür davranış qətiliklə Andreyin qalmasına kömək etməyəcək”, - Smirnov deyib.
O, Lunyovun maaşını 3 dəfə artırmaq tələbi ilə bağlı Azərbaycan mətbuatında yer alan xəbərlərə cavab olaraq isə aşağıdakıları bildirib:
““Lunyov “Qarabağ”a gələndə onun maaşı əvvəlcə ciddi şəkildə aşağı qiymətləndirilib. Müqavilə imzalayarkən “Qarabağ”la razılaşdıq ki, əgər səhhətində heç bir problem olmasa və Lunyov yüksək səviyyədə oynasa, klubun yaxşı nəticələr əldə etməsinə kömək etsə, təqvim ilinin sonuna kimi əməkhaqqı artırılacaq. Hazırda klub maaşları artırmayıb. Yanvar-fevral aylarında “Qarabağ” müqavilənin uzunmüddətli uzadılması ilə bağlı təkmilləşdirilmiş təklif irəli sürdü ki, bu da şərtlərə görə bizə uyğun gəlmədi. Lunyov hər zaman həqiqətən layiq olduğundan daha aşağı maaş alıb. İnanırıq ki, Andrey indi öz dəyərini sübut etdi. O artıq klubun bu mövsümdəki uğurunun vacib komponentidir və müvafiq səviyyədə maaş almağa layiqdir. Üstəlik, Andrey üçün müxtəlif agentlərdən aldığım təkliflərdən görürük ki, digər klublar onun səviyyəsini “Qarabağ”dan bir neçə dəfə yüksək qiymətləndirirlər. Qeyd etmək istərdim ki, bizim Qarabağa qarşı şərtlərimiz tamamilə məqbuldur və həddindən artıq deyil”.
“Qarabağ” futbolçusunun təmsilçisi klubun onların təklifinə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata açıqlamasının anlaşılmaz olduğunu bildirib.
“Biz bunu futbolçuya mənfi reputasiya yaratmaq üçün təzyiq kimi qiymətləndiririk”, - Smirnov deyib.
Smirnov futbolçusunun “Qarabağ”da müqaviləsinin davam edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb:
“Klub danışıqlar prosesində bu variant haqqında bir neçə dəfə danışıb, lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Təfərrüatları dəqiqləşdirmək istəmirəm, sadəcə olaraq, deyim ki, bu seçim mövcuddur. Amma FİFA təcrübəsi elədir ki, tərəflərdən birinin əmək münasibətlərinin birtərəfli uzadılmasına imkan vermir. İstənilən halda futbolçunun razılığı lazımdır. Biz “Qarabağ”a hörmət edirik və danışıqlara açığıq. Amma “Qarabağ” bu cür davranışını davam etdirsə və bu mövsüm klubun uğurunda ciddi əməyi olan futbolçusu ilə danışıqlar prosesinin nüanslarını açıqlayaraq, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top