
“Trabzonspor”-“Fənərbağça” matçında baş verən insidentlə bağlı cəzalar məlum olub.
Yeniavaz.com Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi internet saytına istinadla xəbər verir ki, bu barədə Peşəkar Futbol İntizam Şurası (PFDK) qərar çıxarıb.
Qərara görə, intizam işi açılan futbolçulardan ikisi Ceyden Quinn Oostervolde və İrfan Can Eğribayat bir rəsmi oyundan kənarlaşdırılıb. "Sarı-lacivərtli" futbolçuların həmçinin müvafiq olaraq 52 min və 13 min lirə olmaqla cərimə olunması barədə qərar qəbul edilib.
İntizam işi açılan İstanbul təmsilçisinin digər legioneri Brayt Osayi Samuelə isə cəza verilməyib.
“Trabzonspor”un baş məşqçisi Egemen Korkmaza rəqib komandanın idmançısı ilə davaya görə 13 min lirə cərimə verilib, həmçinin 1 rəsmi görüşdə soyunub-geyinmə otağına və ehtiyat skamyasına getməsi qadağan edilib.
“Fənərbağça”nın rəsmiləri Kürşat Çiftlik və Okan Özkana da eyni matçdakı insidentə görə 15 günlük futbolla bağlı hüquqlarından məhrumetmə cəzası verilib.
“Trabzonspor” isə qarşıdakı 6 matçı azarkeşsiz keçirməklə və 3 milyon lirə cərimə ödəməklə cəzalandırılıb.
Qeyd edək ki, “Trabzonspor”-“Fənərbağça” matçından sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident baş verib. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Oyun “Fənərbağça”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.