Şəhid anası: “Bu arzum yerinə yetməmiş dünyadan köçmək istəmirəm” – Fotolar


“İstiyirəm ki, oğluma medal verilsin, adı əbədiləşdirilisin”.
Bu sözləri Yeniavaz.com-a Mingəçevir şəhidi Yalçın İsmayılovun anası Səmayə İsmayılova deyib.

Y. İsmayılov 1972-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. Hələ uşaq ikən ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Mingəçevir şəhər 11 nömrəli məktəbin məzunu olub. 1991-ci ildə hərbi xidmətə çağrılıb. Ukraynada xidmət edib. 1992-ci ildə başlayan erməni işğalının qarşısını almaq məqsədi ilə Vətənə qayıdıb, könüllü olaraq ordu sıralarana qoşulub.

Səmayə İsmayılova deyir ki, yeganə arzusu oğlunun adının əbədiləşdirilməsidir:
“Oğlum çox qəhrəmanlıqlar edib, amma hazırda onların heç biri hallandırılmır. Mühasirədəkiləri xilas etmək istəyərkən snayperlə vurulub. Şəhid olanda cəmi 20 yaşı vardı”.

76 yaşlı S. İsmayılova tək yaşayır. Deyir ki, Yalçından sonra 4 oğul itirib:
“Hamısı rəhmətə gedib. Adı Yalçın qoyulan bir nəvəm də rəhmətə gedib. O da Yalçın adını yaşada bilmədi”.
S. İsmayılova indi yeganə təsəllini həyətinin önündəki şəhidin adına tikilən bulaqdan alır. O, hər səhər bu bulağın qarşısında dayanıb deyir ki, ay oğul, bu arzum yerinə yetməmiş dünyadan köçmək istəmirəm:
“Sən həyatdan nakam getdin, heç olmasa məndən sonra sənin də adının xatırlanmasını istəyirəm”.

Qeyd edək ki, Yalçın İsmayılov Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 1992-ci ilin avqustun 25-də şəhidlik zirvəsinə ucalıb. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top