“İsrailin İran konsulluğuna hücumu genişmiqyaslı müharibəyə səbəb ola bilər” – CNN


İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi hava hücumu bölgədə genişmiqyaslı müharibə üçün son damla ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, bir çox ölkələr regionda total yanğından qaçmağa çalışıb və genişmiqyaslı müharibənin qarşısını almaq üçün hər cür səy göstərib. Bununla belə, CNN hesab edir ki, İsrailin zərbəsi son damla ola bilər və bölgədə döyüş əməliyyatlarının güclənməsi ehtimalını kəskin şəkildə artıra bilər.
Qeyd edək ki, bazar ertəsi SANA agentliyi İsrail hərbi hava qüvvələrinin Dəməşqdə bir evə zərbələr endirdiyini xəbər verib. Daha sonra İran mediası Suriya paytaxtının qərbində Mezze prospektində yerləşən İran konsulluğunun binasının atəşə tutulduğunu bildirib. İranın Ərəb Respublikasındakı səfiri Hüseyn Əkbərinin sözlərinə görə, hücumda 11 nəfər həlak olub. Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu da generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi də daxil olmaqla 7 hərbi müşavir və 5 zabitin həlak olduğunu bildirib.
İranın BMT-dəki missiyası Tehranın beynəlxalq hüquq çərçivəsində İsrailin Dəməşqdəki İran konsulluğuna hava hücumuna cavab vermək üçün qanuni hüququnu özündə saxladığını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani isə Tehranın təcavüzkarı necə cəzalandıracağına qərar verəcəyini bəyan edib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi brifinqdə İsrail hərbçilərinin Dəməşqə zərbə endirməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top