
“Tehran təcavüzkarın cəzası ilə bağlı qərar verəcək”.
Yeniavaz.com “Tasnim”a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
Bildirilir ki, Kənani İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin binasına hücumu qətiyyətlə pisləyib.
Xarici İşlər Nazirliyinin sözçüsü bu hücumu beynəlxalq qaydaların, xüsusilə Diplomatik Münasibətlərə dair 1961-ci il Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib:
“Bu hərəkət beynəlxalq ictimaiyyət və Birləşmiş Ştatlar tərəfindən ən sərt şəkildə pislənməlidir. Təcavüzkara qarşı lazımi tədbirlər görülməlidir. Bu mənfur hücumun ölçüləri araşdırılır və onun nəticələrinin məsuliyyəti təcavüzkar sionist rejimin üzərinə düşür. İran İslam Respublikası əks tədbir görmək hüququnu özündə saxlamaqla bərabər, təcavüzkarın reaksiya növü və cəzası barədə qərar qəbul edir”.
Xatırladaq ki, İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə nəticəsində İran konsulluğuna bitişik bina dağıdılıb, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) briqada generalı Məhəmməd Rza Zahedi həlak olub. “Tasnim” agentliyi 6 nəfərin partlayışın qurbanı olduğunu bildirib.