“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar klubun onu “Barselona”ya icarəyə verməsini istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, braziliyalı futbolçu dizindəki zədə sağaldıqdan sonra bir ilini İspaniya klubunda keçirmək istədiyini bildirib.
Futbolçunun transferi ilə bağlı klubların heç bir danışıqlar aparmadığı bildirilib.
Qeyd edək ki, braziliyalı forvard 2023-cü ilin yayında 90 milyon avroya Fransanın “Paris Sen-Jermen” klubundan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.
Ümumilikdə o, yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb. Oktyabrın 18-də Neymar Uruqvayla Braziliya matçında dizindən zədə alıb. Onun sağalmasının 10 ay çəkəcəyi gözlənilir.
Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. “Barselona” braziliyalının vətənindən kənarda ilk klubu olub. “Barselona”nın tərkibində Neymar iki dəfə (2014/15, 2015/16) İspaniya çempionu olub və üç dəfə İspaniya kubokunu qazanıb. 2014/15 mövsümündə kataloniyalılar Çempionlar Liqasının qalibi olub.
2010-cu ildən Neymar beynəlxalq arenada Braziliya millisində çıxış edir. O, 2016-cı ildə komandanın tərkibində olimpiya çempionu olub.