Agentlik eyni şəxslə yeni müqavilə imzaladı – 3,3 milyonluq yemək alacaq


“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, Ziyafət Fərzəliyev Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidmətini göstərəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev 12 ay ərzində həftədə 7 gün, sutkada 3 dəfə olmaqla 156 min 950 ədədi böyüklər, 18 min 250 ədədi isə uşaqlar üçün olmaqla hazır yemək təqdim edəcək və qarşılığında 3 milyon 335 min 258 manat 19 qəpik alacaq.
Məlumatlardan da göründüyü kimi, 1 ədəd hazır yeməyin orta qiyməti 19 manat olacaq.
Qeyd edək ki, Ziyafət Fərzəliyev daha əvvəl də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindək qurumalara hazır yeməklər təqdim edib.
Ötən il Sosial Xidmətlər Agentliyinə 6 milyon 422 min 706 manat 8 qəpik dəyərində hazır yemək satıb. 2022-ci ildə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) 62 min 304 manatlıq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə  978 min 125 manat 60 qəpiklik, Sosial Xidmətlər Agentliyinə 5 milyon 972 min 172 manat 24 qəpiklik hazır yemək təqdim edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top