“Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilir” – Lavrov


“Rusiya ilə münasibətləri bilərəkdən pozan Ermənistan rəhbərliyinin mövqeyi ucbatından Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır”.
Yeniavaz.com
xəbər verir ki, bunu martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.
“Ermənistanda mövcud vəziyyət nikbinlik yaratmır. Ermənistan rəhbərliyi uydurma bəhanələrlə son üç-üç il yarımın tarixini təhrif edərək, bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarır”, - Rusiya XİN rəhbəri deyib.
Lavrovun sözlərinə görə, İrəvanın bu kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən Rusiya hərbçilərinə, sərhədçilərə, eləcə də, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı mövqeyində də özünü göstərir.
“İrəvanda qeyd etmirlər ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərdəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub”, - Rusiya xarici işlər naziri bildirib.
O xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib və Aİ-nin oxşar missiyasını ölkəyə çağırıb.
“Sonradan bu missiya ikiqat artırıldı və indi oraya Norveç, Kanada və ABŞ-dən hərbi personal göndərilir ki, bu da Aİ missiyasını NATO missiyasına çevirib”, - Lavrov əlavə edib.
“Son bir neçə ildə baş verən bütün bu proseslər cənab Paşinyan, onun əməkdaşları və Ermənistan parlamentinin rəhbərliyi tərəfindən təhrif olunur”, - Lavrov deyib.

DİGƏR XƏBƏRLƏR

Top