İsrail ordusu Qəzza zolağında Fələstin hərəkatının iyerarxiyasında “üç nömrə” olan HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsanı zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari brifinqdə məlumat verib.
“Bu gecə, bütün kəşfiyyat məlumatlarını yoxladıqdan və 100% əmin olduqdan sonra Baş Təhlükəsizlik Xidməti və Hərbi Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsaslanaraq, Mərvan İsanın iki həftə əvvəl Razi Əbu Tamaa ilə birlikdə hava hücumu zamanı öldürüldüyünü elan edirik”, - Haqari bildirib.
Haqari həmçinin qeyd edib ki, HƏMAS-ın yüksək rütbəli komandirləri martın 10-da Nuseyrata endirilən zərbədə öldürülüb. O, Mərvan İsanın HƏMAS-ın hərbi lideri Məhəmməd əl-Deyfin müavini olduğunu bildirib.
“İsa hərəkat iyerarxiyasında 3-cü şəxs idi. 7 oktyabr (2023-cü il) hücumunu planlaşdıranlardan biri idi”, - IDF sözçüsü əlavə edib.