ABŞ-nin Merilend ştatının Baltimor şəhərində “Frensis Skott Ki” körpüsü gəminin ona çırpılmasından sonra çöküb.
Yeniavaz.com “Fox Baltimore”a istinadla xəbər verir ki, körpü yük gəmisi ilə toqquşduqdan sonra çöküb.
Məlumata görə, yük gəmisi körpünün dayağına çırpılıb. Sonra körpü alışıb və çöküb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil suya düşüb. Yanğınsöndürmə departamenti çayda ən azı yeddi nəfərin ola biləcəyini bildirib. Departament əlavə edib ki, insanların tapılması üçün xilasedicilərdən ibarət qrup artıq hadisə yerinə gəlib.
“The New York Times” əlavə edib ki, Sahil Mühafizəsi toqquşma barədə məlumatı yerli vaxtla saat 1.27-də (Bakı vaxtı ilə saat 9.27-də) alıb. Körpüyə Sinqapur bayrağı altında üzən “Dali” yük gəmisinin çırpıldığı güman edilir.
Hər iki istiqamətdə nəqliyyatın hərəkəti kəsilib.