“Crocus City Hall”da ölənlərin sayı 139-a çatdı


“Crocus City Hall” mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 139 çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Prezident Vladimir Putinə terror aktının istintaqının gedişi barədə məlumat verərkən bildirib.
O qeyd edib ki, istintaq baş verənlərin tam xronologiyasını müəyyən edə bilib. Terror aktı və yanğın nəticəsində 139 nəfər həlak olub. Onlardan 40-ı odlu silahdan aldıqları xəsarət nəticəsində, 45-i isə yanğında həlak olub. 182 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bastrıkinin sözlərinə görə, ölənlərdən 75 nəfərin kimliyi müəyyən edilib. O, bildirib ki, terror aktını törətməkdə ittiham olunan şəxslər müştərilər haqqında ətraflı ifadələr veriblər.
“Bütün təqsirləndirilən şəxslər dindirilmə zamanı və məhkəmədə təqsirli olduqlarını etiraf edərək, cinayətin baş vermə şəraiti, sifarişçilər və terror aktının hazırlanmasında köməklik göstərən şəxslər barədə ətraflı ifadələr veriblər”, - İstintaq Komitəsinin sədri bildirib.
Onun sözlərinə görə, terrorçuların üç ortağı yaraqlıları mənzil və avtomobillə təmin edib, həmçinin pul daşıyıb.
Həbs zamanı 2 ədəd AK-74 avtomat, 500-dən çox patron, 28 maqazin və benzin qalıqları olan butulkalar aşkar edilib.Təqsirləndirilən şəxslərin yaşadığı mənzildə müstəntiqlər mindən çox istintaqa aidiyyəti olan əşyalar götürüblər.
İstintaq Komitəsinin sədri bildirib ki, 200-dən çox ekspertiza aparılıb və onların əl izləri ilə yanaşı, hücuma hazırlıq zamanı istifadə olunmuş parça və alətlər də tapılıb.
Rusiya baş nazirinin müavini Tatyana Qolikova isə terror aktı zamanı xəsarət almış 52 nəfərin xəstəxanadan buraxıldığını, 93 nəfərin, o cümlədən 5 uşağın hazırda müalicəsini davam etdirdiyini deyib.
Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən dörd nəfəri həbs edib. Daha sonra hücum edənlərin şərik olduğu ehtimal edilən daha üç nəfər nəzarətə götürülüb. Məhkəmə bağlı qapılar arxasında hər bir şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. 

DİGƏR XƏBƏRLƏR

Top