“Crocus City Hall”da törədilən terror aktı nəticəsində yaralananların sayı 152-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə qərargahının yenilənmiş məlumatlarında bildirilir.
“Terror aktı nəticəsində 285 nəfər (o cümlədən 8 uşaq) yaralanıb, onlardan 133 nəfər (o cümlədən 3 uşaq) həlak olub”, - məlumatda deyilir.
Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin yaralandığını bildirmişdi.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində dağıntıların təmizlənməsini davam etdirir.
Xatırladaq ki, martın 22-də Bakı vaxtı ilə axşam saat 9 radələrində “Crocus City Hall”da terror aktı baş verib. Simfonik orkestrin iştirakı ilə “Piknik” qrupunun konsertinə 10 dəqiqə qalmış əllərində silah olan kamuflyajlı naməlum şəxslər binaya soxularaq ziyarətçilərə atəş açıblar.