Stress və tərbiyə


Hər uşağın tərbiyəsində istər atanın, istərsə də ananın nizam-intizamına böyük ehtiyac var. Ancaq ailə daxilində daha sistemli və daha prinsipli bir həyat üçün tətbiq edilən bu nizam-intizamdan yerində və vaxtında istifadə edilməlidir. Əks halda, bu sahədə atdığınız hər addım faydalı olmaq əvəzinə ziyanlı ola bilər.
Ata-anaların nizam-intizam məsələsində yol verdikləri ən böyük səhvlərdən biri də gün ərzində yaşadıqları stresi öz uşaqlarına əks etdirmələridir. Halbuki, belə vəziyyətdə, istər ata olsun, istər ana, sağlam düşünə bilmir və bir qayda olaraq daha çox “hücuma keçməyə” üstünlük verir. Buna görə də, ata-analar uşaqları ilə bağlı problemlərə stresli olduqları vəziyyətlərdə reaksiya verməməli, ya da reaksiya vermək və ya xəbərdarlıq etmək kimi bir zərurət varsa, bu vəziyyət keçənə qədər gözləməlidirlər.
Bir də unutmayın ki, mövcud bir problemə qarşı dərhal reaksiya versəniz, uşağınız da təbii olaraq əks reaksiya verəcək və bu da təbii olaraq, sizin istədiyiniz nəticənin əksi olan bir nəticəyə gətirib çıxaracaq. Ancaq problemə o vaxt deyil, başqa bir vaxt reaksiya verdikdə, uşağınız bunu müsbət qarşılayacaq və üstəlik, mövcud problemi bir daha təkrar etməməyə çalışacaq.
Bu vəziyyətdə yol verilən səhvlərdən biri də problem barədə danışarkən bu problemdən kənara çıxmaq və o vaxta qədər baş verən problemləri bir-bir “üzə çıxarmaqdır”. Bu isə qarşılıqlı dialoq zamanı uşağınızın hərəkətindən çox, özü ilə bağlı tənqidlərə yol vermək və uşağınızı uzun müddət bərpası mümkün olmayan zərbələrə məruz qoymaq deməkdir.
Stresli vəziyyətlərdə olan qarşılıqlı dialoqlarda yol verilən başqa bir səhv isə uşaqlara layiq olmadıqları mənfi ləqəbləri verməkdir. Bir qayda olaraq, əksər uşaqlar onlara qarşı birbaşa hücum xarakteri daşıyan bu ləqəblərin təsirindən uzun müddət xilas ola bilmir və vaxt keçdikcə o ləqəblərdəki mənfi xüsusiyyətlərə malik olduqlarına inanırlar. Buna görə də, stresli vəziyyətlərdə uşaqlarınızla ünsiyyətdə diqqətli olmalı və onları zərbə altında qoyan hallardan uzaq olmalısınız.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top