Mask görmə qabiliyyətini bərpa edən implant hazırlayır


Amerikalı milyarder İlon Maskın “Neuralink” neyrotexnologiya şirkəti görmə qabiliyyətini bərpa edən “Blindsight” implantı hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məşhur iş adamı “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Blindsight” “Neuralink”in “Telepatiya”dan sonrakı növbəti məhsuludur. Hətta kimsə heç vaxt görməmiş olsa və ya kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq”, - Mask qeyd edib.
O, “Blindsight” beyin implantının artıq meymunlar üzərində sınaqdan keçirildiyini bildirib.
Mask, həmçinin qeyd edib ki, təsvirin keyfiyyəti ilkin mərhələdə ilk “Nintendo” konsollarında olduğu kimi aşağı ola bilər, lakin zaman keçdikcə keyfiyyət normal görmə keyfiyyətinə çatdırıla bilər.
Qeyd edək ki, “Neuralink” artıq insanın beyninə implant yerləşdirmək əməliyyatını uğurla həyata keçirib ki, bu da əllərini tərpətdə bilməyən insana kompüteri düşüncə gücü ilə idarə etməyə imkan verir. İmplant qoyulan ilk xəstə artıq kompüterdə şahmat oynaya bilir.
Xatırladaq ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Musk tərəfindən yaradılıb. Şirkət insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.

DİGƏR XƏBƏRLƏR

Top