
İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin nümayəndələrini məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, HƏMAS-ın silahlı qanadının fəaliyyətində iştirak edən azı dörd nəfər həlak olub.
Qeyd olunub ki, onlar digər fəaliyyətlərlə yanaşı, həm də bu ərazinin daimi nəzarətdə saxlanmasını və yaraqlıların müxtəlif əməliyyatlarda iştirakını təmin edirdilər.
“Bu yüksək rütbəli döyüşçülər HƏMAS-ın Rəfahdakı rəhbərliyinin nümayəndələri idi. Onların vəzifələrinin bir hissəsi humanitar zonalarda terror təşkilatının fəaliyyətini idarə etmək idi. Onlar həm də yerlərdə HƏMAS yaraqlıları ilə koordinasiyaya cavabdeh idilər”, - məlumatda deyilir.
Qeyd olunub ki, sözügedən şəxslər İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının ordu və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) kəşfiyyat məlumatları əsasında həyata keçirdiyi aviazərbə nəticəsində zərərsizləşdiriliblər.