
Rusiyanın məşhur televiziya şərhçisi və idman jurnalisti Vasili Utkin 53 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun sahibi olduğu “Egrisi” media-futbol klubunun mətbuat xidməti məlumat yayıb.
Bildilir ki, Utkin 1989-cu ildə televiziyada işləməyə başlayıb və 1994-cü ildən "Futbol Klubu" proqramının aparıcısı olduğu NTV televiziya şirkətinin əməkdaşı olub. 2015-ci ilə qədər futbol matçlarını şərh edib. 2004 və 2005-ci illərdə "Ən yaxşı idman şərhçisi" kateqoriyasında TEFI mükafatını qazanıb.
2010-2015-ci illərdə Utkin NTV-Plus idman kanallarının baş redaktoru olub. 1996-cı ildən bir sıra Olimpiadalarda işləyib, Atlanta (1996), Naqano (1998), Afina (2004), Turin (2006), Pekin (2008), London (2012) Oyunlarına gedib. Utkin Çempionlar Liqasının dörd finalını, eləcə də 2000 və 2008-ci il Avropa Çempionatının finalları da daxil olmaqla bir sıra dünya və Avropa çempionatı oyunlarını şərh edib.
Bu illər ərzində Utkin “Kommersant” qəzetinin köşə yazarı, “Gazeta.ru” portalının müəllifi, “Qazeta” qəzetinin idman şöbəsinin redaktoru olub.
Tətbiqimizi yükləyə bilərsiniz