
Cənubi Osetiyada Rusiyaya mümkün birləşmə üçün müzakirələr gedir.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu beynəlxalq aləmdə Gürcüstanın bir hissəsi kimi tanınmış qondarma Cənubi Osetiya Respublikası parlamentinin spikeri Alan Alborov bildirib.
O, Cənubi Osetiyada Rusiyanın tərkibinə daxil olmaq üçün mümkün referendum məsələsinin Moskva ilə sıx koordinasiyada müzakirə olunduğunu qeyd edib.
“Biz bütün bu məsələləri Rusiya ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik”, - Alborov bildirib.
Onun sözlərinə görə, Moskva və Sxinvali razılaşdırılmış xarici siyasət yürüdürlər.
“Biz Rusiya ilə birlikdə bu fikrə gələndə (Rusiyaya birləşmə nəzərdə tutulur) məsələni referendumla həll edəcəyik”, - deyə siyasətçi əlavə edib.
Qeyd edək ki, 2023-cü ildə qondarma respublikanın prezidenti Alan Qaqloyev xalqa və parlamentə müraciətində "respublika"nın tezliklə Rusiyaya birləşəcəyinə ümid etdiyini bildirmişdi.
Eyni zamanda, 2022-ci ilin mayında Kremlin nümayəndəsi Dmitri Peskov ölkədə keçiriləcək referendumdan danışarkən Moskvanın respublikanın Rusiyaya birləşməsi üçün heç bir addım atmağı planlaşdırmadığını qeyd etmişdi.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar, Cənubi Osetiya konkret təkliflər göndərəcəyi təqdirdə, onlara baxılacağını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz